1 Nisan 2015 Çarşamba

İmam Muslim kimdir?

İmam Muslim ibn Həccac, Xorasanın Nisabur şəhərində anadan olmuşdur. İmam əz-Zəhəbi demişdir: “Deyilənə görə İmam Muslim hicrətin 204-cü ilində anadan olmuşdur”. İmam Muslim Nisaburda yetərincə elm öyrəndikdən sonra biliyini artırmaq və hədisləri toplamaq məqsədilə Hicaz, Misir, Suriya, İraq və digər məm­ləkətlərə səyahət etmiş və sayı iki yüzdən çox olan alimlərdən elm almışdır. Bir çox əsərlərində imam Muslim, Buxarinin elmindən istifadə etdiyini eti­raf etmiş və hədis elmində onun bənzəri olmadığını söyləmişdir. İmam Buxari Nisabur şəhərinə gəldikdə Muslim mütəmadi olaraq onun məclislərində iştirak etmiş, ondan heç ayrılmamış və onun elmindən bəhrə­lənmişdir. Muslim həmişə Buxarini müdafiə etmiş, onu pisləyənlərin cavabını vermişdir. Xətib əl-Bağdadi demişdir: “Muslim hədis elmində Buxarinin yolunu tutub getmiş, onun elmini gözdən keçirmiş və bu sahədə addımbaaddım onu iz­ləmişdir”. İslam alimləri Muslimin hörmətli şəxsiyyət və möhtərəm imam, habelə hədis elmində yüksək bacarıq və ali məqam sahibi olmasını qəbul etmişlər. Hakim demişdir: “Mən Əbu Abdur-Rəhman əs-Silminin belə dediyini eşit­dim: “Mən yarlı-yaraşıqlı və gözəl görkəmli bir şeyx gördüm. Əynində gözoxşayan bir bürüncək var idi, əmmaməsinin ucunu da çiyinləri arasına salmışdı. Məsciddəkilər: “Bu, Muslimdir”– dedilər. Elə bu vaxt əmirin adamları qabağa keçib: “Möminlərin əmiri, Muslim ibn Həccacın müsəlmanlara imamlıq etməsini buyurur”– dedilər. Beləliklə, Muslim qabağa keçib təkbir gətirdi və camaata namaz qıldırdı”. Əhməd ibn Sələmə demişdir: “Mən Əbu Zurədən və Əbu Hatimdən eşitdim. Onlar Muslim ibn Həccacı, səhih hədisləri bilmək xüsusunda öz əsrlə­rindəki şeyxlərdən üstün tuturdular”. Nəvəvi demişdir: “Hədis elmində iki nümunəvi imamın – Əbu Abdullah Muhəmməd ibn İsmail əl-Buxarinin və Muslim ibn Həccac əl-Quşeyrinin “Sə­hih” əsərləri ən mötəbər kitablar sayılır. Həqiqətən də, onların bu əsərlərinin misli-bərabəri yoxdur”. Həmçinin demişdir: “Alimlər ittifaq etmişlər ki, Buxari və Muslimin “Səhih” əsərləri, Qurandan sonra ən səhih kitab­lar hesab edilir. Müsəlman ümməti bu iki kitabı tərəddüdsüz qəbul etmişlər”. İmam Muslim hicrətin 261-ci ilində Rəcəb ayının 24-ü bazar günü vəfat etmiş və bazar ertəsi ayın 25-i Nisaburda dəfn edilmişdir. Allah ona rəhmət etsin

Hiç yorum yok:

Yorum Gönder